Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nurlan Mustafayevin ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Nazir müavini dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid N.Mustafayevin ailə üzvlərinin də hər zaman dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib və onlara Prezident təqaüdü təyin olunub. Həmçinin şəhidin ailə üzvünün məşğulluğuna dəstək göstərilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!