Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı (www.sosial.gov.az) ötən il ən çox müraciət edilən rəsmi saytlar sırasında birinci olub.
Saytda məlumatların gündəlik olaraq yenilənməsi təmin olunur, sosial təminat növləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir. Həmçinin saytda “E-xidmətlər” bölməsi nazirlik tərəfindən göstərilən elektron xidmətlərə birbaşa keçid etməyə imkan verir. Saytın üstünlüklərindən biri də nazirliyin fəaliyyət sahələri ilə bağlı informasiya açıqlığını təmin etməsidir.