Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” rəqəmsal platforması ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində Qlobal Tanınma Mükafatına (“Global Recognition Awards”) layiq görülüb.
Bu mükafat Agentliyin əmək bazarının təhlili istiqamətində strategiyalarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Qeyd olunan qiymətləndirmə proqramı dünya miqyasında mükəmməlliyin və innovasiyanın təşviqinə yönəlib. Qlobal Tanınma Mükafatı xidmət, innovasiya, tədris, mentorluq və s. sahələrdə irəliləyişlərə malik olan iştirakçıların dünya miqyasında tanınmalarını təmin edir.
“Məzunların məşğulluq reytinqi” e-platforması ali təhsil müəssisələrini bitirən məzunların məşğulluğu və əmək bazarında aktual ixtisaslar barədə abituriyentlərin məlumatlılığını təmin edir və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılması məqsədi daşıyır.
Bu platformadan istifadə ixtisas seçimi ərəfəsində olan şəxslərə əmək bazarının tələblərinə uyğun seçim edə bilmək imkanı verir. Həmin e-platforma ilə https://emas.sosial.gov.az/graduates-emp-rating linkinə daxil olaraq tanış ola bilərsiniz.