Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq sahəsində əldə olunan uğurlar və konseptual hədəflərə həsr olunan iclas keçirilib.
İclasda dövlət başçısının tapşırıqlarına əsasən məşğulluq istiqamətində icra olunan sosial islahatların uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, son 5 ildə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 490 minə yaxın şəxs münasib vakansiyalar üzrə işlə təmin edilib, 22 minə yaxın şəxs peşə hazırlığına, 78 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, 643 min şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.
Həmin dövrdə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin sayının artırılması əsas hədəflərdən biri olub.
“Əmək və Məşğulluq” altsistemi (ƏMAS), “Məzunların məşğulluq reytinqi” platforması, özünüməşğulluq proqramı iştirakçılarının reyestri və BACAR platformasının bir hissəsi istifadəyə verilib. “Peşələrin atlası”, “Qeyri-formal məşğulluğa nəzarət”, “Elektron əmək birjası” və “Məşğulluq xəritəsi” e-sistemlərinin reallaşdırılması üzərində işlər aparılmaqdadır.
İclasda Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Agentlikdə idarəetmənin optimallaşdırılması istiqamətində də əsaslı işlərin həyata keçirildiyi bildirilib.
Xidmət keyfiyyətinin artırılması, göstərilən xidmətlərin əhatəliliyinin artırılması məqsədilə bir sıra istiqamətlər üzrə mərkəzi filiallar yaradılıb. Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı biznes proseslər və prosedurlar hazırlanıb, biznes proseslərin optimallaşdırılması və dəyişikliklərin idarə olunması mexanizmi formalaşdırılıb.
Həyata keçirilən islahatların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi qeyd edilib.
Agentlik “Business Awards UK”, Global Excellence Award 2023, “IDDA Awards 2023” müsabiqələrində müxtəlif nominasiyalar üzrə mükafatlara və 6 İSO sertifikatına layiq görülüb.
Agentliyin strategiya planı, uzunmüddətli perspektivdə strateji hədəfləri müzakirə edilib.