Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı davam edir.
Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 280 işsiz şəxsə biznes planlarına uyğun aktivlər verilərək kiçik biznesləri yaradılıb.
“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznesə çıxışına şərait yaradılmasıdır.
Ümumilikdə, layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə avadanlıqlar təqdim olunaraq kiçik bizneslərini qurmalarına dəstək göstərilir.