Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə dair növbəti ictimai dinləmə Hacıqabul rayonunda təşkil olunub.
İctimai dinləmədə işaxtaran və işsiz şəxslər, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib. Layihənin hədəf və məqsədləri, gözlənilən faydaları, əhatə dairəsi, onun icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də bu Layihəyə müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumatlar verilib. Onları maraqlandıran suallar da cavablandırılıb.
“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi işaxtaran və işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.
Ümumilikdə layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi nəzərdə tutulub.