Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb.
Səfir müxtəlif yaradıcılıq studiyalarında təlim prosesini izləyib, benefisiarların hazırladıqları əl işlərinə baxıb. O, həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün burada yaradılan şərait və görülən işlərlə bağlı xoş təəssüratlarını ifadə edib. Cənubi Qafqazda ilk çoxşaxəli inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzin unikal təcrübə olduğunu vurğulayıb.
Görüşdə bu sahədə fəaliyyət göstərən müəssisələr arasında qarşılıqlı təcrübə mübadiləsinin məqsədəuyğun ola biləcəyinə dair fikir mübadiləsi aparılıb.