Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə dair tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli və Fondun Müşahidə Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri və Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, qəzetlərin baş redaktorları, nazirliyin və KİVDF-nin əməkdaşları, KİV nümayəndələri iştirak edib.
S.Babayev fiziki məhdudiyyətli insanların sosial müdafiəsinin gücləndirilməsinin, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətində baslıca istiqamətlərdən olduğunu vurğulayıb. Nazir bildirib ki, KİVDF ilə birgə təşkil olunan “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda müsabiqə də bu istiqamətdə aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində, eyni zamanda, əlilliyi olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının təmin olunması, onların bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsi məsələsinə cəmiyyətin diqqətinin artırılması işlərində peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqədə KİV nümayəndələrinin fəal iştirakı, müvafiq mövzularda araşdırmalar aparmaqla daha məzmunlu, əhatəli, oxunaqlı materiallar dərc etdirməyə səy göstərmələri müsbət haldır.
S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu gün nazirliyin fəaliyyət sahələrində mühüm islahatlar aparılır. Əsas məqsəd dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan - DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərindən operativ və tam şəffaf, eyni zamanda keyfiyyətli şəkildə təşkili, sosial təminat sisteminin mütərəqqi və ədalətli yanaşmalar əsasında təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının səmərəli təşkili və genişləndirilməsi, əmək bazarında, ümumən sosial rifahda rolunun artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıdır. Nazirlik bu islahatlar, fəaliyyət sahələrində görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında KİV-in roluna roluna və media ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq eyni zamanda görülən işlər və aparılan islahatlar barədə ictimai rəyin, vətəndaş mövqeyinin, bir sıra hallarda cəmiyyətdən gələn təşəbbüslərin öyrənilməsində çox faydalıdır. Ona görə də nazirlik jurnalistləri həmişə ictimaiyyətlə fəal əlaqələrin təşkilində, cəmiyyətlə münasibətlərdə yaxın köməkçi hesab edir.
Nazir KİVDF ilə birgə təşkil olunan ikinci, yəni “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqəyə də bu ay yekun vurulacağını deyib.
S.Babayev ümumiyyətlə qarşıdakı dövrdə KİVDF ilə birgə belə müsabiqələrin təşkilinin davam etdiriləcəyini, mətbuatla əməkdaşlığın daha da gücləndirilməsinin diqqətdə saxlanacağını bildirib. O, müsabiqənin qaliblərini təbrik edib, onlara, həmçinin müsabiqəyə qatılan bütün KİV nümayəndələrinə xoş arzularını ifadə edib.
V.Səfərli Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə ilə əlaqədar belə bir müsabiqənin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, noyabrın 27-də başa çatan müsabiqəyə 32 KİV üzrə 50-ə yaxın jurnalist tərəfindən yazı təqdim olunub. Müvafiq meyarlar (mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi və s.) əsasında Fondun 3 nəfər eksperti tərəfindən qiymətləndirmələr aparılıb. Artıq müsabiqənin qalibləri müəyyən edilib.
U.Mirzəyev bu və ya digər dövlət qurumunun KİV-lə əməkdaşlığının güclənməsinin həmin qurumun fəaliyyətinin müsbət göstəricisi kimi qəbul edildiyini, bunun qarşılıqlı faydalı olduğunu bildirib, fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunmasının önəmindən bəhs edib.
Ayrı-ayrı qəzetlərin baş redaktorları da belə müsabiqələrin jurnalistlərin əməyinin stimullaşdırılması ilə bərabər, müasir jurnalistikada aidiyyəti mövzularda bilik və təcrübənin artmasına, peşəkar yanaşmanın formalaşmasına dəstək olduğunu qeyd ediblər.
Sonra müsabiqənin nəticələri elan olunub.
1-ci yerə “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov, 2-ci yerə “Xalq cəbhəsi” qəzetinin müxbiri Cavid Şahverdiyev və Movqe.az saytının müxbiri Zülfiyyə Quliyeva, 3-cü yerə isə “Xalq qəzeti”nin müxbiri Ülviyyə Niftəliyeva, “525-ci qəzet”in müxbiri Ceyhun Abbasov və “”Səs” İnformasiya Agentliyinin redaktoru Cabir Məmmədov layiq görülüblər. Onlara diplom və mükafatlar verilib.
Həmçinin 5 yazı müəllifinə - “Yeni Musavat” qəzetinin müxbiri Nərgiz Salmanovaya, “Oxu.az” saytının müxbiri İlhamə Xankişiyevaya, “Moderator.az” saytının müxbiri Seymur Əliyevə, “Həftəiçi” qəzetinin müxbiri Cəmilə Hüseynovaya və “Kür” qəzetinin müxbiri Xanım Nəsibovaya təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.