Yarmarkada 24 işəgötürən tərəfindən 335 vakansiya təqdim edilib.
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Agentlik tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 335 vakansiya təqdim olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.