Tədbirdə 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub.
Laçın şəhərindəki 2 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib.
Yarmarkada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Onlar yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə söhbət ediblər.
Əmək yarmarkasında müxtəlif sektorlardan olan və Laçında fəaliyyət göstərən 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirində iştirak edən şəxslər işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında məlumatlar əldə edib, uyğun iş yerləri üzrə müraciət etmək imkanı qazanıblar. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı da məlumat verilib.
Əmək yarmarkasının keçirilməsində əsas məqsəd işğaldan azad olunan ərazilərimizə köçürülən şəxslərin məşğulluğunu təmin etməkdir. Əmək yarmarkalarının işğaldan azad olunan digər ərazilərimizdə də keçirilməsi nəzərdə tutulub.
Sonra “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu – Peşə və bacarıqların inkişaf etdirilməsi” mövuzunda dəyirmi masa keçirilib.
Çxışlarda bu kimi tədbirlərin işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların işlə təminatında mühüm dəstək olduğu vurğulanıb. Qeyd edilib ki, artıq Laçına köçürülən sakinlərdən 266 nəfərin məşğulluğu təmin edilib. Əlavə olaraq 53 şəxsin də məşğulluq məsələlərinin həlli istiqamətində tədbirlər görülür.
Görüşdə işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər üçün güzəştlər barədə də məlumat verilib. “Regionun əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili istiqamətində görüləcək işlər və çağırışlar”, “Laçın rayonunda əhalinin məşğulluğu istiqamətində görülən işlər və təcrübələr” mövzularında təqdimatlar edilib.
Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün təşkili planlaşdırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə həmin ərazilərimizdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində 31 nəfər peşə kurslarına cəlb olunub, işlə təmin edilib.
Dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması üçün görüləcək işlər və təkliflər müzakirə edilib.