Prezident İlham Əliyeviin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri də həmin ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatıdır.
Həmin vətəndaşlar üçün məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb.
Laçında keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov öz dədə-baba yurdlarına qayıdan insanların məşğulluğunun təminatının əsas prioritetlərdən biridir və bununla bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Agentliyin Qarabağ Regional Sukanal İdarəsinin yaradıldığıını bildirib.
Qeyd edib ki, idarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş ərazilərimizin sakinlərinin müraciətlərə xüsusi həssaslıqla yanaşılır. İşə qəbulla bağlı müraciət edən insanlar əvvəllər müsabiqədə iştirak etmək üçün Bakıya dəvət olunurdularsa, artıq yeni yanaşma tətbiq olunur. Beləliklə, həmin sakinlərin işə qəbulu üzrə müsabiqə artıq Laçında keçirilir.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Agentlik tərəfindən ilk dəfə əhalinin işə qəbulu ilə bağlı görüşün keçirildiyini qeyd edib. Vurğulayıb ki, sakinlərin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək. Agentlik tərəfindən təqdim edilmiş vakansiyalar üzrə işə qəbulla bağlı keçirilən görüşdə sakinlərimiz işlə təmin olunacaq.
Görüşdə Laçın rayonunda yaşayan 23 nəfərin müraciəti yerində dinlənildi, onlardan 9-nun ixtisasına və peşə bacarıqlarına uyğun olaraq Laçın Sukanal Sahəsində işlə təmin olunması qərara alınıb.