İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam ölkələrinin nümayəndə heyətləri səfər çərçivəsində DOST Mərkəzində olublar.
Qonaqlara DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunmasına imkan yaradıb.
Bu ilin 10 ayında DOST Mərkəzlərində 578 min, ümumilikdə ötən dövrdə isə 1,8 mln. nəfərə xidmət göstərildiyi, DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsinin 97,7 faiz təşkil etdiyi diqqətə çatdırılıb. “Könüllü DOST” proqramı, DOST Mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri qeyd olunub.
DOST təcrübəsinin mötəbər beynəlxalq qurumlar tərəfindən də qabaqcıl təcrübə kimi yüksək dəyərləndirildiyi, DOST Agentliyinin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinə hazırlıq işləri aparıldığı bildirilib. Qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat olub.