Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub.
Görüşdə SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Təmiz Şəhər” ASC-nin, həmçinin onların sifarişçisi olduqları, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən podratçı şirkətlərin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi aktiv məşğulluq proqramları barədə məlumat verib. Həmin ərazilərə köçürülən sakinlərdən artıq 2800-dək şəxsin məşğulluğunun təmin edildiyi, o cümlədən 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlarının qurulduğu qeyd olunub.
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.