Füzuli şəhərində keçirilən tədbirdə 20 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib
Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərimizdə keçirilən ilk əmək yarmarkasıdır.
Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib. Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. İşəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlbinə başlanılıb. Artıq 73 nəfər münasib işlə təmin edilib, 20 nəfər özünüməşğulluq proqramına cəlb edilib və daha 150-dək sakinin məşğulluğunun təmini üçün işlər aparılır.
Görüşdə Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərimizə köçürülən şəxslərin məşğulluğunun təminatı üçün işəgötürənlərlə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.