Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərimizdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı Peşə yarmarkası keçirəcək.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək yarmarka Həkəri çayının sahilində təşkil olunacaq.
Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə master-klaslar keçiriləcək.