Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları qeyd edib, bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının dəstəklənməsi istiqamətində ardıcıl işlərin aparıldığını bildirib.
İnklüziv cəmiyyət ideyasının dövlət və özəl qurumları korporativ sosial məsuliyyətlilik çərçivəsində öz ətrafında daha sıx birləşdirməsində və cəmiyyətin inkişafında mühüm rolu diqqətə çatdırılıb.
Tədbirdə “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, “Səma” rəqs qrupunun və daun sindromlu gənclərin “Rockabilly dance” rəqs nömrələri, “Danceability” inklüziv rəqs performansı təqdim olunub.
Ölkədə ilk dəfə daun və autizmli gənclərinin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib, milli ornamentlərə uyğyunlaşdırılan xüsusi hazırlanmış geyimlər nümayiş etdirilib.
Xalq artisti Tünzalə Ağayeva və “Mavi ürəklər” autizmli gənclərin xor qrupu, Əməkdar artist Sevda Ələkbərzadə öz ifaları ilə çıxış ediblər, gözdən əlilliyi olan şəxs tərəfindən “Xarıbülbül” mahnısı səsləndirilib.
İştirakçılara hesabat videoçarxı təqdim edilib. Layihə çərçivəsində həyata keçirilən 3 komponent üzrə 11 altlayihəyə indiyədək ümumilikdə 17 tərəfdaş, 224 benefisiar və 110 könüllü cəlb olunduğu bildirilib.
Qeyd edək ki, “İnklüzivlik ayı” layihəsi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Layihə “PASHA Insurance” və "Badamlı Mineral Sular" MMC-nin baş sponsorluğu, “Mc Donald`s Azerbaijan”, AFFA, AKTİ, Gənclər Fondu, "LİBRAFF" mağazalar şəbəkəsi, ŞAH&mat klubu, İçərişəhər Dövlət Qoruğu, “Natavan Art” moda evi, "Təmiz Şəhər" ASC, “Art and Creativity Club”, “Beauttech” və “Makeup Academy”-nin sponsorluğu, "Birgə və Sağlam" İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Daun Sindromlu Gənclərin Reabilitasiya Mərkəzi (Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik) və Bakı Konqres Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.