İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının nazirlər sessiyasına hazırlıq iclasının növbəti hissəsində Təşkilatın Bakıda yaradılmaqda olan Əmək Mərkəzinin 2023-2026-cı illər üçün hazırlanmış aralıq təşkilati struktur layihəsi təqdim edilib və üzv ölkələrin rəy və təklifləri nəzərdən keçirilib.
İclasa sədrlik edən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən dövrdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində aparılan işlərdən bəhs edib. Həmin Mərkəzin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın daha da güclənməsində mühüm rol oynayacağı vurğulanıb.
İƏT-in Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Baş Assambleyasının açılış sessiyasına hazırlıq məqsədi daşıyan iclasda Baş Assambleyanın sədr və sədr müavinlərinin, Əmək Mərkəzinin İdarəetmə Şurası sədri və sədr müavinlərinin, Şura üzvlərinin, İƏT Əmək Mərkəzinin Baş direktorunun seçilməsi üçün namizədlər də səsə qoyularaq müəyyən olunub.
Bu namizədlərin, habelə Əmək Mərkəzinin aralıq təşkilati struktur layihəsinin, qətnamə layihələrinin təsdiq edilməsi üçün Baş Assambleyanın nazirlər iclasına təqdim ediləcəyi qeyd edilib.
Qeyd edək ki, Konfransın nazirlər sessiyasına hazırlıq iclasında səsvermə ilə İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olunub. İlk işçi sessiya çərçivəsində iclasın gündəliyi və proqramı qəbul edilib. Konfransın qətnamələri və İƏT Əmək Bazarı strategiyasının icrası ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb