Sosial müdafiə sisteminin gücləndirilməsi tədbirləri çərçivəsində əhalinin həssas qrupları ilə bağlı dəstək yönümlü bir çox layihələr də hazırlanaraq həyata keçirilir. Qarşıdakı dövrdə bu layihələr yeni istiqamətlər üzrə daha da genişləndiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun tabeliyindəki Sosial Dəstək Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyəti ilə bağlı keçirilən infosessiyada bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətləri olaraq ölkədə sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını, həssas qrupların dövlətin qayğısı ilə əhatə olunması üçün ardıcıl işlərin aparıldığını vurğulayıb.
İnfosessiyada DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə həssas əhali qruplarına aid (əlilliyi olan şəxslər, şəhid ailələri üzləri, valideyn himayəsindən məhrum uşaqlar və b.) 480-dək şəxsin təlmlərə cəlb edilərək yaradıcı potensialının, bacarıqlarının inkişafına dəstək göstərildiyi qeyd edilib. Benefisarlarla bağlı Mərkəzdə kompleks reabilitasiya, sosial adaptasiya yönümlü işlərin də aparıldığı, habelə təlimləri uğurla bitirən benefisiarların məşğulluğunun təminatı məqsədilə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın da həyata keçirildiyi bildirilib.
Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarının ehtiyacları öyrənilməklə bu əsasda 10-dan çox layihənin hazırlanaraq həyata keçirildiyi diqqətə çatdırılıb. Bu layihələrin şəhid ailələri və müharibə iştirakçılarına, aztəminatlı ailələrə, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına və digər həssas qruplara dəstək məqsədi daşıdığı qeyd olunub. Həmin məzunların şəxsi inkişafına dəstək göstərilməsi üçün layihə, habelə bir sıra bölgələrdə “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra olunub.
Bu il də qeyd olunan istiqamətlərdə layihələrin davam etdirilməsi, eyni zamanda, bir sıra həssas qruplarla bağlı reinteqrasiya yönümlü, eləcə də uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasına və müəssisələrdəki uşaqların ailələrinə reinteqrasiyasına yönələn yeni layihələrin icrası təmin ediləcək.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən sorğu-monitorinq, qiymətləndirmə və təlimlərin təşkili istiqamətləri üzrə aparılan işlər qeyd olunub. Eləcə də qurumun əmək bazarı ilə bağlı apardığı təhlil-tədqiqatlar, müasir çağırışların qlobal arenada əmək bazarına təsirlərinin təhlili, bu əsasda təklif və proqnozların, o cümlədən gələcəyə dair prioritet ixtisaslar üzrə proqnozların hazırlanması işləri və s. diqqətə çatdırılıb. Milli Observatoriyanın Vahid Təhlil və Tədqiqat reyestrinin hazırlanmasının nəzərdə tutulduğu bildirilib.
İnfosessiyada qeyd olunan qurumlar tərəfindən görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.