Dekabrın 17-də “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və "bp" şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.
Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət və özəl sektor arasında əmakdaşlıqdan danışaraq Prezident İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan gömrük-biznes münasibətlərinin inkişafından bəhs edib, gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi sayəsində yerli və xarici sərmayəçilər üçün ölkəmizdə daha əlverişli biznes mühitinin yaradıldığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummili Lider Heydər Əliyev tərəfindən əsası qoyulan davamlı və dayanıqlı inkişaf siyasəti hesabına siyasi-iqtisadi sabitlik qorunaraq bütün sahələrdə uğurlu nəticələr əldə edilib. O da qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət əsasında Azərbaycan qlobal miqyaslı layihələrin təşəbbüskarı kimi tanınmaqda, ölkəmizin beynəlxalq arenadakı nüfuzu artmaqdadır. Cari ilin noyabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun böyük uğurlu nəticələri bunun bariz nümunəsidir. Bu mötəbər tədbir Azərbaycanı qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aparıcı tərəfdaş kimi tanıtdırıb və ekoloji dayanıqlığın təmin olunması istiqamətində ölkəmizin səmərəli strategiyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirib.
Son dövrlərdə tətbiq edilən layihələr hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, vaxt və vəsaitə qənaət, hüquqpozmalara qarşı mübarizə, gömrük daxilolmaları, əlçatanlığın və şəffaflığın artırılması istiqamətində əldə olunan müsbət nəticələr barədə məlumat verilib.
Sonra tədbirdə çıxış edənlər - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son illərdə gömrük sistemində aparılan çoxşaxəli islahatlardan bəhs edib, bu istiqamətdə əldə olunan müsbət təcrübənin, rəqəmsallaşmanın ölkəmizin iqtisadi mühitinin, sahibkarlığın inkişafına, dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın daha da gücləndirilməsinə, Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmənin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.
Qeyd edək ki, rəqəmsal həllərə və beynəlxalq dəyərləndirmə standartlarına, süni intellektə və elmi araşdırmalara əsaslanan yeni layihələr əlverişli biznes mühitinin formalaşdırılması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.
Daha sonra Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO statusu alan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə və “FoodCity Aqrokompleks”-ə sertifikatlar təqdim olunub.
Forum öz işini panel müzakirə ilə davam etdirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin Baş direktoru Taleh Ziyadovun moderatorluğu ilə keçirilən müzakirədə - DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov, “EMBAWOOD” MMC-nin Baş direktoru Elşad Abbasov və “Azerfloat” QSC-nin Baş direktoru Emil Həsənov tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.