Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər. Rayonun Qaracəmirli və Tatarlı kəndlərindəki şəhid ailələri ilə görüşdə Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb. Nazirlik rəsmiləri Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin həyata keçirildiyini, bu prosesin ardıcıl davam edəcəyini bildiriblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Şəhid ailələrinin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də müvafiq işlər görülür. Cari ildə 158 şəhid ailəsi bu proqramda iştirak edir.
Şəhid ailəsi üzvləri sosial təminatlarının daim gücləndirilməsinin, həm də kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramı ilə əhatə olunmalarının onların rifahına, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına mühüm bir dəstək olduğunu vurğulayıblar. Onlar göstərilən bu böyük qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.