2 Fevral - Azərbaycan Gəncləri Günüdür
Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 55 mindən çox gənc işlə təmin edilib,
2250 gənc üçün kiçik bizneslər yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğunun təminatı və kiçik biznesə çıxışının dəstəklənməsidir.
Ötən il Agentlik tərəfindən 55063 gənc münasib işlərlə təmin edilib, 2250 gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilərək onlar üçün kiçik bizneslər yaradılıb.
Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kurslarına son bir ildə 7716 gənc cəlb olunaraq, onlara müasir əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib. Qurumun aktiv məşğulluq proqramlarından biri olan, peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşmasına dəstək məqsədi daşıyan peşəyönümü məsləhət xidmətləri isə ötən il əsasən gənclərdən ibarət 204 minədək şəxsi əhatə edib.
Gənclərin məşğulluq məsələlərinin həlli üçün digər bir sıra layihələr də icra olunur. Onlardan biri kimi, son illərdə Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən bir qrup gənc üçün səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslər qurulub. Hazırda “Səyyar Kofe Evləri - Regionlarda” layihəsinə də başlanıb və layihədə iştirak üçün müraciətlərin qəbulu davam edir.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.