Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 100 əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilərək onlara Partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Salatın Əsgərova 85 ərazi partiya təşkilatının sədri Anar Əliyev və YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak ediblər. DOST Agentliyində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
B.Nəbiyev 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ötən dövrdə keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizin tərəqqisi proseslərində Partiyanın xidmətlərindən bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın böyük siyasi nüfuza malik ümumxalq partiyası olduğunu və YAP sıralarının daim genişləndiyini vurğulayıb.
A.Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan sosial nailiyyətləri diqqətə çatdırıb.
O, YAP-ın Yasamal rayonu S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi partiya təşkilatının fəaliyyətindən bəhs edib. 2018-ci ilin aprel ayından Nazirlik və onun qurumları üzrə 1249 əməkdaşın YAP sıralarına qəbul edildiyini, hazırda Nazirlik sistemində çalışan əməkdaşlardan 4416 nəfərin YAP üzvü olduğunu, YAP-ın Nazirliyin Aparatında və tabeliyində olan qurumları üzrə ərazi partiya təşkilatlarının sayının 96-ya çatdığını qeyd edib.
Sonra Nazirlik sistemində çalışan əməkdaşlara YAP-ın üzvlük vəsiqələri təqdim olunub.