Ölkəmizdə sosial sahədə əldə olunan rəqəmsal nailiyyətlərə beynəlxalq səviyyədə də yüksək qiymət verilir.
Bunun növbəti təzahürü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurun "GovInsider" təşkilatı tərəfindən “İnnovasiyalar Konfransı-2024” tədbiri çərçivəsində keçirilən "İnnovasiya Mükafatları-2024" müsabiqəsində uğur qazanaraq "Rəqəmsal Cəmiyyət Mükafatı" kateqoriyası üzrə xüsusi mükafatla təltif olunub.
Nazirlik əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə münsiflər heyəti tərəfindən bu mükafata layiq görülüb.
"GovInsider" təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi “İnnovasiyalar Konfransı-2024”-də 27 ölkədən dövlət sektorunda çalışan 1600-dan çox mütəxəssis iştirak edib.
Tədbirdə məqsəd dövlət sektorunda transformasiyaları bir platformadan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və onların geniş tətbiqinin təşviq edilməsi olub.
Konfransda iştirakçılar üçün maraqlı müzakirələr, təqdimatlar və ictimai sektorun transformasiyası sahəsində əsas problemlər və imkanlardan bəhs olunan interaktiv sessiyalar təşkil edilib.
Qeyd edək ki, Nazirliyin vətəndaşlara təqdim etdiyi 159 xidmətindən 140-dan və ya 90 faizindən çoxu elektronlaşdırılıb, e-sistem üzərindən 50-dən çox proaktiv xidmət yaradılıb.