Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.
İclasda dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2023-cü il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov 2023-cü il ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Komissiyanın sədri son illər dövlət tərəfindən həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olduğunu qeyd edib.
Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 41,8 faiz, fiziki şəxs fərdi sahibkarların sayında 66,4 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 7,5 dəfədən çox artımın qeydə alındığı vurğulanıb.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin əmək münasibətlərinə və bu sahədə qeyri-formal məşğulluğun qarşısının alınması üçün hazırlanmış qanunvericilik layihələrinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Qeyri-formal məşğulluq nəticəsində yaranan gəlirlərin gizlədilməsinin səbəblərinin araşdırılması üzrə işçi qrupun rəhbəri İlkin Vəliyevin qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində görülmüş tədbirlər və vergi nəzarəti tədbirlərinə dair məruzələri dinlənilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi aqrar sahədə qeyri-formal məşğulluğun əsas xüsusiyyətləri, qlobal statistik göstəricilər, mövsümi (müvəqqəti) məşğulluqla əlaqədar münasibətlərin tənzimlənməsi mexanizmləri ilə bağlı dünya təcrübəsi və aqrar sahədə çalışan mövsümi işçilər üzrə tənzimlənmənin təkmilləşdirilməsi üzrə təqdimat edib.
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təqdim ediləcək hesabatın layihəsi müzakirə olunaraq qəbul edilib.
Sonda Komissiyanın sədri tərəfindən qarşıda duran vəzifələrlə bağlı, o cümlədən ölkədə qeyri-formal məşğulluq sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsinə, nəzarət tədbirlərinin gücləndirilməsinə, çevik mexanizmlər vasitəsilə işəgötürənlər və işçiləri əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, həmçinin maarifləndirici tədbirlərin artırılmasına dair tapşırıqlar verilib.