Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanıb.
İlk belə tədbir Naxçıvan Muxtar Respublikasında keçirilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil olunan tədbir “Əmək münasibətlərində gender bərabərliyi-bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda olub.
Muxtar Respublikada fəaliyyət göstərən 29 müəssisənin 70-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Məşğulluq Agentliyinin, Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının nümayəndələri çıxış ediblər.
Çıxışlarda ölkəmizdə əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan işlər, bu məqsədlə qanunvericilikdə edilmiş son dəyişikliklər barədə məlumatlar verilib, bu dəyişikliklərin əhəmiyyəti vurğulanıb. Qadınların əmək hüquqlarından bəhs olunub, qadın əməyinin tətbiqi ilə bağlı iştirakçılara maarifləndirici slaydlar nümayiş etdirilib.