Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) növbəti beynəlxalq uğurlara imza atıblar.
“Tenth Revolution” beynəlxalq təşkilatının (Böyük Britaniya) təşkil etdiyi “Rəqəmsal İnqilab” müsabiqəsində DSMF “Proaktiv xidmət mexanizmi”, DOST RİM isə “Sosial sahədə rəqəmsal transformasiya” adlı layihələrlə iştirak ediblər.
Hər iki layihə müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb. DSMF və DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Layihəsi” kateqoriyası üzrə qalibləri elan olunaraq, “Ali Təqdir” mükafatlarına layiq görülüblər.
Bu mükafat öz imkanlarını cəmiyyətə əhəmiyyətli dərəcədə təsir etmək gücünə malik texnologiyaların inkişafı üçün səfərbər edən və sosial problemləri həll etmək, həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə rəqəmsal texnologiyaları geniş təşviq edən təşkilatlara təqdim edilir.
Beləliklə, 2024-cü ilin ötən dövründə DSMF 15, DOST RİM isə 12 beynəlxalq mükafatla təltif ediliblər.