Fond BSTA-nın qiymətləndirmə missiyasını icra edəcək, üzv qurumlara təlimlər keçəcək, BSTA-da türkdilli dövlətlər üzrə xüsusi Əlaqələndirmə Mərkəzi yaradacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi İsveçrədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişovla BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano imzalayıb.
Sənədə əsasən DSMF:
• BSTA-ya üzv olan sosial təminat qurumları tərəfindən aparılan islahatların və həmin qurumların fəaliyyətinin Assosiasiyanın müvafiq qaydalarına uyğunluğunu yoxlayacaq;
• üzv dövlətlər və təşkilatlara təlimlər keçəcək;
• BSTA-nın Qiymətləndirmə Müsabiqəsi çərçivəsində aparılan islahatların keyfiyyətini qiymətləndirəcək;
• BSTA-nın Qiymətləndirmə Meyarlarının və Təlimatlarının hazırlanması və təkmilləşdirilməsi prosesinə cəlb olunacaq;
• Assosiasiya şəbəkəsi daxilində türkdilli dövlətlər üzrə xüsusi Əlaqələndirmə Mərkəzinin yaradılması və əlaqələndirilməsini də təmin edəcək.
BSTA-nın DSMF-yə olan bu böyük güvən və etimadı son illər Fondun əldə etdiyi uğurlu islahatlar təcrübəsinə beynəlxalq səviyyədə yüksək qiymət verildiyini bir daha təzahür etdirir.
Həmçinin yeni əməkdaşlıq sənədi dünyada tanınan qabaqcıl islahat təcrübəsinə malik sosial müdafiə qurumu kimi DSMF-nin potensialından BSTA-nın öz faliyyətində faydalanmaq niyyətini də göstərir.
H.Məmişovla M.A.R.Kaetano arasında görüşdə iki qurum arasında sosial təminat sistemlərinin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsi perspektivləri müzakirə olunub.
Eyni zamanda H.Məmişovun sədri olduğu Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə BSTA arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.