DSMF uğurlu islahat təcrübəsinə görə son iki ildə 16, bu ilin iki ayında 10 beynəlxalq mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir beynəlxalq uğura imza atıb.
Fond “iESE – The Public Sector Transformation Partner” beynəlxalq təşkilatının Londonda (Böyük Britaniya) dövlət sektorunun transformasiyası üzrə keçirdiyi təltifetmə mərasimində “Şöhrət” Mükafatı ilə təltif edilib.
DSMF 37 ölkənin müvafiq sahədə islahatlar təcrübəsi, yüksək fəaliyyət göstəriciləri olan dövlət qurumları arasından seçilərək bu mükafata layiq görülən yeganə dövlət orqanı olub.
“iESE – The Public Sector Transformation Partner” beynəlxalq təşkilatı tərəfindən “Şöhrət” Mükafatı ilə təltif edilməsi Fondda son illər aparılan uğurlu islahatlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyinin növbəti əyani göstəricisidir.
Bu islahatlar DSMF-nin fəaliyyətində əhaliyə xidmət modelinin uğurla reallaşmasına və müasir və effektiv, mərkəzləşmiş və optimal iş mexanizmlərinin geniş tətbiqinə imkan verib. İnnovativ həllər üzərində Fondun əhaliyə çevik və şəffaf, proaktiv və əlçatan xidmətlər sistemi qurulub.
Təsadüfi deyil ki, DSMF son iki ildə 16, təkcə 2024-cü ilin iki ayında isə 10 beynəlxalq mükafata layiq görülüb.