Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidməti arasında əmək müfəttişliyi üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsi məqsədilə 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb.
Sənədi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidmətinin rəhbəri Mixail İvankov Rusiyada keçirilən “Federal əmək müfəttişliyi sistemində ən yaxşı peşə” müsabiqəsi qaliblərinin mükafatlandırma tədbiri çərçivəsində imzalayıblar.
Tədbirlər Planında iki qurum arasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, o cümlədən elektron auditin aparılması üzrə elektron informasiya sistemlərindən istifadə edilməsi, yoxlamalar zamanı risk əsaslı yanaşmanın tətbiqi, profilaktik tədbirlərin görülməsi, əmək müfəttişlərinin peşəkarlığının artırılması istiqamətində birgə tədbirlər nəzərdə tutulub.
Həmçinin müvafiq sahələrdə təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçiriləcəyi qeyd olunub.
Səfər çərçivəsində Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidmətində görüşlər keçirilib və aidiyyəti fəaliyyət sahələri üzrə təcrübə mübadiləsi aparılıb.