Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) “DevOps Agile” Bacarıqları Assosiasiyasının (DASA) təşkil etdiyi beynəlxalq müsabiqədə də uğur qazanıb.
Böyük Britaniya, Niderland, İrlandiya, Türkiyə və digər ölkələrdən 100-dən çox qurumun, o cümlədən “EY”, “Global Knowledge CGI”, “Vodafone”, “HCLTech”, “Synergy” kimi dünyaca məşhur qurumların iştirak etdiyi müsabiqədə bu il ölkəmizi DOST RİM təmsil edib.
Mərkəzin əməliyyatların avtomatlaşdırılması, departamentlərarası iş prinsiplərində elektron keçidlər, “DevOps” təcrübələrinin tətbiqi və bunun sosial xidmətlərin elektronlaşdırılmasında müsbət təsiri və s. ilə bağlı müsabiqəyə təqdim etdiyi işi beynəlxalq ekspertlər yüksək qiymətləndirib.
Beləliklə, DOST RİM müsabiqədə “DevOps Business Value” kateqoriyası üzrə mükafata layiq görülüb və müsabiqədə seçilmiş qurumların siyahısı müsabiqənin rəsmi saytında yer alıb: https://www.dasa.org/community/dasa-awards/
Niderlandda yerləşən DASA nüfuzlu “DevOps” və “Agile” sənaye qurumu olaraq, yüksək performanslı rəqəmsal təşkilata çevrilmək istəyən müəssisələrlə tərəfdaşlıq funksiyası daşıyır. Qurum 2017-ci ildən “DevOps” mütəxəssisləri üçün universal bacarıqların inkişafı və təşviqi işində fərqlənən qurumların tanıdılması məqsədilə “DASA” mükafatını təsis edib.
Qeyd edək ki, DOST RİM bu il 22 beynəlxalq mükafatla təltif edilib.