Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) növbəti beynəlxalq uğurunu qazanıb.
Mərkəz Böyük Britaniyanın “Innovation in Business” təşkilatının 2023-cü il üzrə "Texnoloji İnnovator Müsabiqəsi"ndə "Sosial xidmətlər üzrə ən yaxşı texnologiya innovatoru" adına layiq görülüb.
DOST RİM-in son bir ildəki fəaliyyəti, yeni yaradılmış və təkmilləşdirilmiş elektron sistemləri və s. barədə təqdim edilən məlumatlar müsabiqənin tədqiqat komandası tərəfindən ətraflı təhlil olunaraq, Mərkəzin nailiyyətləri yüksək qiymətləndirilib.
2010-cu ildə yaradılmış “Innovation in Business”in fəaliyyətinin əsas məqsədi texnologiya dünyasından və biznesdə innovasiyalardan xəbərlər və informativ məqalələri rüblük onlayn jurnal və xəbər bülletenləri vasitəsilə ictimaiyyətə təqdim etməkdir.
Qeyd edək ki, bu il DOST RİM və e-layihələri artıq 6 beynəlxalq mükafata layiq görülüb.
Həmçinin “Əmək və Məşğulluq altsistemi” BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi də təqdim edilib. “Əlillik” altsistemi isə “Avropa Müxtəliflik Mükafatı 2023” müsabiqəsində, e-sosial.az portalı və proaktiv təyinat mexanizmi “SDG Digital GameChangers Award” müsabiqəsində finalçılar siyahısına daxil edilib.