Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “DOST Müfəttiş” layihəsi “Corporate Vision” təşkilatının (Böyük Britaniya) “Small Business Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Əmək qanunvericiliyinin düzgün tətbiqi sahəsində işəgötürənlər üçün mühüm qiymətləndirmə dəstəyi olan layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Layihə “2024-cü ilin Ən Mükəmməl Qiymətləndirmə Layihəsi (Əmək Münasibətlərində)” nominasiyası üzrə qalib seçilərək mükafata layiq görülüb.
Müsabiqədə həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, Polşa, Almaniya, Tayland və digər ölkərdən təşkilatlar da iştirak edib.
2015-ci ildən fəaliyyət göstərən “Corporate Vision” biznes və korporativ sektorda innovativ yenilikləri və uğurları ilə seçilən özəl və dövlət qurumlarını mükafatlandıraraq, onların nailiyyətlərini tanıtmaq məqsədi daşıyır.