Bu il DOST mərkəzlərində 700 mindən çox, ümumilikdə ötən dövrdə 2 milyona yaxın vətəndaşa xidmət göstərilib və vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir.
Bunu DOST Agentliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 159 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verib.
2023-cü ilin avqust ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı artıq 7-yə çatıb. Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti işləri aparılır.
Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. 2023-cü ildə də bir sıra beynəlxalq müsabiqələrdə qalib gələn DOST Agentliyinin təltif edildiyi mükafatların sayı artıq 20-yə çatıb. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə təcrübəmizin bölüşülməsi üçün işlər aparılır.
Həmçinin bu il Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans böyük maraqla qarşılanıb. "DOSTTALKS" layihəsi çərçivəsində "Heydər Əliyev Xatirələrdə", eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib.
"DOST Çağrı Mərkəzi" 142 tərəfindən 2023-ci ildə 1,8 milyon, ümumən ötən dövrdə 5,1 milyondan çox vətəndaş müraciətinin cavablandırıldığı bildirilib. “Könüllü DOST” proqramının uğurları, Agentliyin Korporativ Sosial Məsuliyyət dəyərlərinin təbliği sahəsində bir sıra təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib. O cümlədən DOST Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi "Sərhədsiz İstedadlar" sərgi yarmarkasından bəhs olunub.
Agentliyin 2023-ci il üzrə fəaliyyətinə dair hesabat xarakterli videoçarx nümayiş olunub. 2024-ci il üçün Agentliyin hədəfləri də diqqətə çatdırılıb, media nümayəndələrinin sualları cavablandırılıb.