15 İyun - Milli Qurtuluş Günüdür. Xalqımızın çağırışı ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin yenidən respublikamızın rəhbərliyinə qayıdışı ilə Azərbaycan dövlət müstəqilliyinin itirilməsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhranlardan xilas olub. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılıb və ölkəmizin müstəqil dövlət kimi böyük perspektivlərə aparan, uzunmüddətli inkişaf yolunun, tarixi uğurlarının, möhtəşəm qələbələrinin başlanğıcı olub.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev sosial sahədə sabitlik və inkişafı təmin edərək, ölkəmizin sosial dövlət modelini, sosial inkişaf strategiyasını formalaşdırıb. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin başlıca istiqamətlərindən birini xalqın rifahının təmin olunması, sosial müdafiə sisteminin gücləndirilməsi təşkil edib. Onun sosial sahəyə xüsusi qayğısı nəticəsində hələ ötən əsrin 90-cı illərində bu sahədə mühüm addımların atılması, dövlətin güclü sosial siyasət kursunun formalaşdırılması, əhalinin həssas qruplarına diqqət və qayğının artırılmasına yönələn mühüm sosial proqramlara başlanılması təmin edilib.
Ulu Öndər tərəfindən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanıb. 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Həmin dövrdə ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində qanunvericilik bazası formalaşdırılıb, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar qəbul edilib. Əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiq olunub. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu - hazırkı Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, uğurlu sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq ötən dövrdə Azərbaycan bütün sahələrdə sürətli inkişaf tempinə malik olub, böyük tarixi uğurlara, qələbələrə imza atıb. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə edib, torpaqlarımız Ermənistanın 30 ilədək davam edən işğalından azad olunub. Bu gün həmin ərazilərimizdə smart konsepsiyalar əsasında böyük quruculuq işləri aparılır.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır" deyən dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alaraq ötən dövrdə sosial inkişaf istiqiamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra olunaraq vətəndaş rifahının təminatı istiqamətində ciddi irəliləyişlər əldə olunub. Həmin dövrdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manata yaxın əlavə illik vəsait ayrılıb. Nəticədə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 80 faizdən çox, median əməkhaqqı 2,2 dəfə, əmək haqqı fondu 2,8 dəfə artıb, 10 yeni sosial ödəniş növü təsis edilib.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mühüm sosial müdafiə proqramlarından biri - şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə isə 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6 min, ümumən ötən dövrdə 14800 mənzil və fərdi ev təqdim edilib. Bu il də daha 1500 mənzil və fərdi ev veriləcək. Həmçinin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan digər mühüm sosial proqram – müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı proqramı da uğurla davam etdirilir. Ümumən ötən dövrdə 7600 avtomobil təqdim edilib.
Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim yeni-yeni parlaq tarixi nailiyyətlərə, qələbələrə doğru aparır.