Təlim kursu “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusuna həsr olunub
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə 5-ci təlim kursuna başlanıb.
Bu dəfəki təlim “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır.
Təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin proritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb.
A.Əliyev bu istiqamətdə Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. Ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıran nazir müavini gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
O, Təşkilatla birgə icra olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə, o cümlədən məşğulluq orqanları əməkdaşlarının bilik və peşəkarlığının artırılmasına mühüm dəstək olduğunu vurğulayıb. A.Əliyev bu məqsədlə beynəlxalq ekspetlərin iştirakı ilə ardıcıl olaraq təşkil edilən təlim kurslarının əhəmiyyətindən bəhs edib. Nazir müavini hazırkı təlim kursunun sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi kimi vacib iş sahəsində məşğulluq orqanları işçilərinin bilik və səriştələrinin artırılması, bu sahədə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından faydalı olduğunu qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasının və əməkdaşların peşəkar bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb, bu məqsədlə BƏT-in dəstəyi ilə belə təlim kurslarının təşkilinin önəmindən bəhs ediblər.
Sonra M.Puşkin “Dəyişən əmək bazarında Məşğulluq Xidməti orqanları. BƏT-in 100 illik yubileyi və “Əməyin gələcəyi” təşəbbüsünə ümumi baxış” mövzusunda təqdimatla çıxış edib. Təlim kursu ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Fuad Musayevin moderatorluğu ilə davam edib. BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Sosial cəhətdən həssas qruplara xidmətlər və Məşğulluq Xidməti orqanları tərəfindən onların əmək bazarına daxil edilməsi” mövzusunda təqdimat olub.
Dörd gün davam edəcək təlim kursunda Norveçin İşəgötürənlər təşkilatının nümayəndəsi Paul Haavorsen (“Əlilliyi olan şəxslərin əmək bazarına daxil edilməsi sahəsində Norveç təcrübəsi”), BƏT-in baş mütəxəssisi Valentin Mokanu və Yuriy Qertsiy (“Əməyin təftişi və sosial cəhətdən həssas qrupların əmək bazarına inteqrasiyası”), Avstriya Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Helena Senqstbratl və İsveç Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kleas Qoran Lok (“İş təcrübəsi olmayan gənc məzunlar üçün məşğulluq xidmətləri portfeli”), ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin əməkdaşı Nizami Hüseynli (“Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları”) və digər beynəlxalq və yerli ekspertlər tərəfindən təqdimatların edilməsi, qrup işinin aparılması nəzərdə tutulub.