Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramı Avropa və MDB üzrə Regional Bürosunun direktorunun müavini, direktorun səlahiyyətlərini icra edən Rastislav Vrbenski ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, ölkəmizdə əmək və sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatları diqqətə çatdırıb. Nazir bu islahatlar prosesində, habelə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi sahəsində BMT-nin İnkişaf Proqramı ilə nazirlik arasında səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. O, ötən dövrdə birgə icra olunan “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, “Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihələrinin müsbət nəticələrini qeyd edib.
Əməkdaşlıq müstəvisində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin davam etdiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, bu layihə əsasında bir müddət öncə Bakı, Sumqayıt şəhərlərində SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzləri fəaliyyət göstərib. Sonrakı mərhələdə isə Gəncə şəhərində və Masallı rayonunda belə mərkəzlər yaradılıb. Mərkəzlərdə SYSLAB metodologiyası əsasında ilk dəfə işaxtaran ali təhsilli gənclərə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi onların qısa müddət ərzində münasib işlə təminatında önəmli rol oynayır.
R.Vrbenski Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatların, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinin, sosial cəhətdən həssas qruplar üçün məşğulluq imkanlarının artırılması üçün görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O, BMT-nin İnkişaf Proqramının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq gündəliyini genişləndirmək niyyətində olduğunu qeyd edib.
Görüşdə sosial əhəmiyyətli yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib, əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.