Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Emil Həsənlinin sədri olduğu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi iştirakçısı qardaş Türkiyədə səfərdə olublar.
Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə baş tutan səfər çərçivəsində Vətən müharibəsi iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri və Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madak, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və b. rəsmilərlə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
Qardaş ölkənin rəsmiləri Azərbaycanın Vətən müharibəsi iştirakçılarını Türkiyədə görməkdən məmnunluqlarını bildirib, ölkəmizin tarixi Zəfərinin onlarda sonsuz qürur hissi doğurduğunu vurğulayıblar.
Müharibə iştirakçıları Mersin və Adananın işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı tədbirlərdə də iştirak ediblər. Onlar Türkiyə Böyük Millət Məclisində, Təqaüdçü Astsubaylar Dərnəyində, Mersin və Adana Valiliklərində, Böyükşəhər Bələdiyyəsində, Ömer Halisdemir adına Mədəniyyət Mərkəzində və digər qurumlarda olub, görüşlər keçiriblər.
Səfər barədə məlumat verən E.Həsənli Azərbaycan və Türkiyənin hərbiyönümlü təşkilatları arasında əməkdaşlıq çərçivəsində ildə bir neçə dəfə qarşılıqlı olaraq səfərlər təşkil edildiyini bildirib. O, iki ölkənin hərbiyönümlü QHT-lərin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadilələrinin aparılmasının bu səfərlərin əsas məqsədləri olduğunu qeyd edib.