Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Partner2Connect Digital Coalition” platformasının rəsmi internet səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti və övladlığagötürmə üzrə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edilib.
www.itu.int/itu-d/sites/partner2connect/pledges/explore-pledges/
Platformada indiyədək dünyanın 142 ölkəsinin 434 qurumuna aid 895 uğurlu rəqəmsal layihə barədə qlobal miqyasda məlumatlar paylaşılıb.
Saytda dərc olunan innovativ nümunələr siyahısında DOST RİM-in fəaliyyəti də yer alıb. Mərkəz tərəfindən elektronlaşdırılmış xidmətlərin sayı, həmçinin yaradılmış proaktiv xidmət mexanizmləri barədə məlumatlar diqqətə çatdırılır.
Platformada paylaşılan digər bir məlumatda da Nazirliyin “Övladlığagötürmə” altsistemindən bəhs olunur. Ölkəmizdə övladlığagötürmə sahəsində xidmətlərin rəqəmsal texnologiyalar üzərindən qurularaq obyektiv, şəffaf və çevik şəkildə həyata keçirildiyi vurğulanır.
2021-ci ildə yaradılan “Partner2Connect Digital Coalition” platformasında müxtəlif dövlət və özəl təşkilatlara dəstək məqsədilə dünyanın qabaqcıl rəqəmsal təcrübələri, yeni ideya, bilik və alətləri paylaşılır.