Təşkilat rəsmi saytında Azərbaycanda əmək münasibətləri və sosial dialoqun
inkişafı sahəsində aparılan islahatlara dair məlumat yerləşdirib.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) rəsmi saytında Azərbaycanda əmək münasibətləri və sosial dialoqun inkişafı sahəsində aparılan islahatlara dair məlumat yerləşdirib:
https://www.ilo.org/resource/news/ilo-and-azerbaijan-%E2%80%93-new-horizons-social-dialogue
“BƏT və Azərbaycan – Sosial Dialoq üçün Yeni Üfüqlər” adlanan məlumatda 59 Konvensiya və 1 protokolu ratifikasiya edən Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biri olduğu vurğulanır. Ölkəmizin sosial dialoqla bağlı 144 nömrəli Konvensiyasını da ratifikasiya etdiyi bildirilir.
Hələ 1999-cu ildə Azərbaycanda sosial dialoqun iştirakçıları - Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə üçtərəfli məsləhətləşmələrlə Əmək Məcəlləsinin qəbul edildiyi diqqətə çatdırılır.
Ölkədə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın gücləndirilmiş sosial dialoqa əsaslanan fəaliyyəti qeyd olunur. Həmçinin Komissiyanın tərkibində yaradılan işçi qruplarından bəhs olunur, “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsinin hazırlanması üzrə də işçi qrupunun yaradıldığı bildirilir.
Qeyd edilir ki, BƏT-in 155 nömrəli Konvensiyasının tələblərinin icrası məqsədilə Komissiyanın tərkibində yaradılmış İşçi Qrupunun tədbirlər planında əməyin mühafizəsi üzrə ölkə strategiyasının hazırlanması da yer tutur və bununla bağlı qabaqcıl təcrübələr araşdırılır.
Məlumatda həmçinin sosial dialoqun iştirakçılarının (Hökumət, ASK, AHİK) birgə qərarı ilə ölkəmizdə 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalandığı, həmin Saziş çərçivəsində görülmüş işlər üzrə Komissiyada mütəmadi müzakirələr aparıldığı diqqətə çatdırılır.
Habelə Komissiya və onun fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində müvafiq bölmədə məlumatların əks etdirildiyi vurğulanır.
Sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilat olan BƏT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumudur.