Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar olaraq ölkəmizdə ilk dəfə “İnklüziv Karyera Forumu” keçirilib.
Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan Forumun əsas məqsədi əlilliyi olan şəxslər üçün karyera imkanlarının, işəgötürənlər tərəfindən işə qəbul prosesində inklüziv yanaşmaların tətbiqinin, əlilliyi olan insanlar üçün inklüziv texnologiya və texnoloji həllərin iş yerlərində inkişafının təşviq edilməsi olub.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması, onların əmək bazarına çıxışının dəstəklənməsi üçün Agentlik tərəfindən aparılan işlər barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının icrasında əlilliyi olan şəxslərə üstünlük verildiyi, hazrki tədbirin əlilliyi olan şəxslər üçün karyera imkanlarının genişləndirilməsinin təşviqi baxımından önəmi qeyd edilib.
DOST İnklüziv və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının, bacarıqlarının inkişaf etdirilməsində mühüm rola malik olduğu vurğulayıb.
Bildirib ki, hazırda Mərkəzdə həssas əhali qruplarından olan 175 nəfər benefisiar təlim alır ki, onlardan 132 nəfəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 5 həssas kateqoriya üzrə ümumilikdə 14 fəaliyyət və subfəaliyyət istiqamətində təlimlər təşkil olunur. Məqsəd sosial cəhətdən həssas əhali qrupları, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyasına nail olmaqdır.
Daha sonra Forum panellər üzrə çıxışlar və müzakirələrlə davam edib. İki paneldən ibarət olan Forumda spikerlər “Əlilliyi olan şəxslərin iş mühitinə effektiv inteqrasiyasında beynəlxalq təcrübə”, “Əlilliyi olan şəxslərin işə qəbul prosesinin təşkili və inklüzivliyin təmin edilməsi”, “Əlilliyi olan şəxslərin potensialından maksimum yararlanmaq üçün effektiv mühitin yaradılması”, “Əmək bazarında insan resurlarından səmərəli istifadə”, “Korporativ məsuliyyət” və s. mövzularda çıxış ediblər.
Panellərin sonunda iştirakçıların sualları cavablandırılıb.