Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondunun (ƏSMF) rəhbəri Yuliya Berdnikovanın rəhbərlik etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə səfər edib.
Tanışlıq zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib.
Həssas əhali qruplarına aid istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə tanıdılması istiqamətində görülən işlərdən danışılıb.
Qonaqlar Mərkəzin təlim studiyalarında yaradıcılıq və məşq prosesini izləyib, təlimçilərin və benefisiarların birlikdə hazırladıqları əl işlərinə baxıblar. Mərkəzdə 14 fəaliyyət istiqaməti ilə yanaşı, sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin də göstərildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, ölkəmizin ictimai, mədəni mühitində həssas qruplardan olan şəxslərin fəallığının artırılması, bu prosesdə onların iştirakının təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir. Nümayəndə heyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəz üzvlərinin ərsəyə gətirdiyi incəsənət nümunələrindən ibarət ekspozisiya ilə tanış olub.