Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi gənc nəslin gələcək karyerasının müəyyən edilməsinə və əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək məqsədilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda növbəti peşəyönümü tədbirini Bakı Modern Təhsil Kompleksində təşkil edib.
Tədbirdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilib. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Aktiv məşğulluq tədbirləri, məşğulluq xidmətləri barədə məlumatların əks olunduğu çap materialları paylanıb, şagird və valideynlərin sualları ətraflı cavablandırılıb.