Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Buxarest (Rumıniya) şəhərində keçirilən 5-ci iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin dövlət katibi Adrian Rındunika ilə görüşüb.
S.Babayev ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq əldə olunan uğurların ilk növbədə sosial sahələrin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini, ölkədə aparılan sosial siyasətdə sosial ədalətin təminatı prinsipinin daim üstün tutulduğunu vurğulayıb. S.Babayev Azərbaycanda əmək, məşğulluq və sosial təminat sahələrində islahat gündəliyi barədə məlumat verib, bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi üçün aparılan işləri diqqətə çatdırıb.
Nazir dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməsi üçün ölkəmizdə yaradılmaqda olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri, icra olunan aktiv əmək bazarı proqramları, özünüməşğulluq proqramı və s. barədə məlumat verib.
Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən S.Babayev iki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin həyata keçirilməsi üçün potensialın mövcud olduğunu bildirib.
A.Rındunika ölkələrimiz arasında əməkdaşlığın inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar barədə məlumat verib, əmək, məşğulluq və sosial təminat sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını, belə bir əməkdaşlığın tərəflər üçün faydalı ola biləcəyini deyib.
Görüşdə Azərbaycan və Rumıniya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq genişləndirilməsi üçün Anlaşma Memorandumunun layihəsinin hazırlandığı qeyd olunub, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.