“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova Kristian Filleti Mərkəzin fəaliyyəti ilə tanış edib. Qonağa sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barəsində məlumat verilib.
Qeyd edilib ki, 2021-ci ilin oktyabrında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi şəhid ailələri üzvləri, əlilliyi olan şəxslər, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara xidmət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin Cənubi Qafqazda geniş fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.
Qonaq Mərkəzdə yaradılan şərait, müxtəlif fəaliyyət istiqamətləri üzrə aparılan təlimlər, benefisiarların hazırladıqları yaradıcılıq nümunələri ilə tanış olub.
Təlimlərə cəlb olunan həssas qrupların bacarıq və istedadlarının inkişaf etdirilməsi ilə yanaşı, burada onlarla bağlı fərdi inkişaf planları əsasında kompleks reabilitasiya işlərinin də aparıldığı diqqətə çatdırılıb. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı təqdim edilib.