Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Belçikanın Antverpen şəhərində keçirilən “32-ci Avropa Sosial Konfransı”nda iştirak edir.
Konfrans çərçivəsində nümayəndə heyətinin rəhbəri, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet və qurumun baş icraçı direktoru Alfonso Lara-Montero ilə görüşüb.
Görüşdə Azərbaycanda son illər sosial xidmətlər sahəsində aparılan islahatlar və əldə olunan uğurlar, sosial xidmətlərin əhatə dairəsi və keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlar barədə məlumat verilib.
Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərin qayğı ilə əhatə olunmaları, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi ardıcıl tədbirlər, sosial dəstək proqramları diqqətə çatdırılıb.
Sosial xidmətlərlə bağlı prioritet mövzularda müzakirələr aparılıb.