Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə aparılan sosial islahatları qeyd edib. DOST Konsepsiyası, aktiv məşğulluq proqramları, həssas qrupların rifahına yönəlik sosial dəstək tədbirləri barədə məlumat verilib.
İslahatlar prosesində AİB-lə əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib. Təşkilatın Azərbaycan üzrə “Ölkə tərəfdaşlıq strategiyası”, habelə digər layihələr üzrə ötən dövrdə görülmüş birgə işlərin əhəmiyyətindən bəhs olunub.
S.Şakil AİB-lə Nazirlik arasında uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu ifadə edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın davam etdirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə, sosial müdafiə sahələrində islahatlara, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi işlərinə, bu sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.