1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür
BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim diqqət və qayğı göstərilib. Ölkəmizdə bu kateqoriyadan olan şəxslərin qayğı ilə əhatə olunması istiqamətində siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Sosial xidmət haqqında” Qanuna əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə 465 minədək ahıl (yəni 70 və daha yuxarı yasda olan) şəxs vardır.
Ahıl vətəndaşların rifahında mühüm amil olan pensiya təminatı ildən-ilə gücləndirilir. Təkcə son beş ildə ardıcıl sosial islahatlar nəticəsində minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.
Son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə layihəsi olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi yaşlı, ahıl şəxslərə önəmli dəstək olub. Layihə üzrə həmin şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 200-dən çox ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.
Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 5,3 min şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 4,7 mindən çoxu ahıl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”na əsasən isə 2024–2026-cı illərdə əlilliyi olan və ahıl şəxslər üçün bir sıra bölgələrdə mobil xidmət mərkəzlərinin də yaradılması nəzərdə tutulub. Bu mərkəzlər həmin şəxslərə onlara lazım olan yardım və sosial xidmətlərdən daha çevik faydalanmağa imkan verəcək.
Proqramla ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və s. ilə bağlı layihələr də həyata keçiriləcək.