Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla birgə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib. Ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər, habelə əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan insanların və digər həssas qrupların yaradıcı potensialının inkişafının və cəmiyyətə təqdim edilməsinin dəstəklənməsinə xidmət edir.
Nümayəndə heyəti Cənubi Qafqazda ilk dəfə olaraq çoxşaxəli fəaliyyət sahələrini əhatə edən və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə yaradılan şəraitlə, təlim prosesi, benefisiarların hazırladıqları əl işləri, yaradıcılıq nümunələri ilə tanış olub.
Sosial şəbəkələrdə də bizi izləyin: