Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyəti institutları ilə “İşə qəbul prosesində gender bərabərliyi” mövzusunda görüş olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə təşkil olunan görüşdə Nazirliyin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi mövzusunda fikirləri dinlənilib.
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı Azərbaycanın fəal dövlət siyasətinə malik olduğu, 2006-cı ildə ölkədə “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” Qanunun qəbul edildiyi vurğulanıb. Ötən dövrdə ölkəmizin BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulduğu, habelə Beynəlxalq Əmək Təşkilatının gender bərabərliyi ilə bağlı mühüm Konvensiyalarını ratifikasiya etdiyi bildirilib. Milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn prinsiplərin əks olunduğu diqqətə çatdırılıb.
Ölkəmizdə əmək və məşğulluq, eləcə də işə qəbul prosesində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan olunduğu, habelə hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlarla bağlı əmək qanunvericiliyindəki bir sıra güzəştlər və əlavə təminatlar qeyd olunub.
Son illər aparılan sosial islahatlar, habelə əməkhaqqı islahatlar, eyni zamanda, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişikliklər diqqətə çatdırılıb.
Görüşdə işə qəbul prosesində gender bərabərliyinin təmin edilməsi ilə bağlı müzakirə aparılıb, rəy və təkliflər ifadə olunub.
Sosial şəbəkələrdə də bizi izləyin: