1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub: Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib.
Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib.
Ən mühüm tarixi nailiyyətlərdən biri olaraq isə Ulu Öndər Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərində Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb ölkəmizdə milli zabit heyətinin formalaşmasında müstəsna rola malikdir. 2020-ci ildə möhtəşəm Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsində də həmin hərbi məktəbin yetirmələri böyük şücaətlər göstərərək şanlı qəhrəmanlıq tarixi yazıb. Ümumilikdə ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial yaradılıb.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə bütün sahələrdə ağır vəziyyət, kəskin böhran, gündən-günə dərinləşən siyasi, sosial-iqtisadi tənəzzül ölkəmizi dövlətçiliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanın rəhbərliyinə qayıdışı Azərbaycanın xilasına və müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə imkan verdi. Bu tarixi Qayıdış Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etdi.
Müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını yüksək səviyyədə təmin edən Ulu Öndər Heydər Əliyev eyni zamanda onun xalqa, əhalinin rifahına böyük qayğısından irəli gələn və daim güclənən dayanıqlı sosial müdafiə sistemini formalaşdırdı.
Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, qələbələrə imza atıb. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük qısa bir dövr ərzində Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini azad edib, xalqımızın 30 illik həsrətinə son qoyulub. 2003-cü ildən milli iqtisadiyyatın 3,4 dəfə artımına nail olunaraq, eyni zamanda sosial inkişaf istiqamətində böyük irəliləyişlər əldə edilib.
Qalib Azərbaycanın bütün sahələrdə əldə etdiyi tarixi nailiyyətlər, qələbələr Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən müdrik və uzaqgörən milli inkişaf strategiyasının uğurlarıdır. Ulu Öndərimizin həmişəyaşar ideyalarının işığında ölkəmiz öz böyük gələcəyinə doğru daim inamla irəliləyəcəkdir.
Sosial şəbəkələrdə də bizi izləyin: